“Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı keçirilib

24 may 2016 -cı il tarixində Bakıda ilk dəfə olaraq “Elektron tibbin multidissiplinar problemləri” mövzusunda I Respublika elmi-praktik konfransı keçirilib. APA-nın xəbərinə görə, konfrans Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.


Konfransı giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açıb. O bildirib ki, e-tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk tədbir Azərbaycan səhiyyəsi, elmi, ümumilikdə ölkə ictimaiyyəti üçün mühüm hadisədir. AMEA prezidenti əlavə edib ki, Akademiyada prioritet elmi istiqamətlər sırasında biologiya və tibb sahəsinə böyük diqqət ayrılır.

 

Səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkədə e-tibbin formalaşması ilə bağlı həyata keçirilən tədbirlər haqda məlumat verib.

 

Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Akademiyada biotibb sahəsinin inkişaf tarixindən bəhs edib. Millət vəkili əlavə edib ki, informatika və riyaziyyat üzrə gənc mütəxəssislərin biotibb sahəsində tədqiqatlara cəlb olunması, xarici təhsildə seçim edərkən bu sahələrə üstünlük verilməsi bu sahədə mövcud problemin həlli istiqamətində vacib amillərdəndir.


AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Elektron tibbin formalaşmasının aktual elmi-nəzəri problemləri və həlli perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Akademik e-tibbin e-hökumətin tərkib hissəsi olduğunu qeyd edib. O bildirib ki, bu sahədə mövcud problemlərin multidissiplinar xarakter daşıyır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vurğun Hacıyev Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb elmləri üzrə elmi şurasının sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov məruzələrlə çıxış ediblər.

Konfrans öz işini AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiya iclasında davam etdirib. “Tibbdə İKT-nin elmi-nəzəri problemləri”, “Tibdə İKT-nin praktiki problemləri” və “İKT-nin tibbi problemləri” seksiyaları üzrə elektron tibbin formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilati-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi aspektləri və s. mövzularda 75 məruzə təqdim olunub.