Hər il bütün dünyada olduğu kimi, Azərbaycanda da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Azərbaycanda uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Son illər aparılan islahatlar sayəsində uşaqlara göstərilən müalicə-profilaktika yardımının keyfiyyəti yüksəlib, onların sağlamlıq vəziyyəti daha da yaxşılaşdırılıb. Səhiyyənin digər sahələrində olduğu kimi, uşaqların sağlamlığının qorunmasını da diqqətdə saxlayan Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən 2016-cı il mayın 17-də uşaqlar üçün müsabiqə elan edilib. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən müsabiqədə yalnız 12 yaşadək uşaqlar iştirak edə bilərlər. Müsabiqədə iştirak edən uşaqlar “Həkimi necə görürəm?” mövzusunda çəkdikləri rəsmləri RMDM-in rəsmi facebook səhifəsinin (https://www.facebook.com/RMDMBaku/?ref=ts&fref=ts) ismarıc bölməsinə göndərməlidirlər.
Göndərilən rəsmlər səhifədə yayımlandıqdan sonra ən çox bəyənilən 3 rəsm qalib olacaq. Müsabiqə iştirakçıları səhifəni bəyənməlidirlər. Qaliblər RMDM tərəfindən xüsusi hədiyyələr və 1 iyunda mərkəzimizdə uşaqlar üçün keçiriləcək tədbirdə iştirak üçün dəvətnamə ilə mükafatlandırılacaqlar. Müsabiqədə iştirak edən hər kəsə uğurlar arzulayırıq!