Azərbaycan-Türkiyə arasında Səhiyyə və Tibb Elmi Sahəsindəki əməkdaşlığa dair Sazişi imzalandı

26.04.2016-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Məhmət Müəzzinoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan nazir Oqtay Şirəliyev iki ölkə arasında üzün illərdən bəri davam edən dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə bağlı olduğunu bildirdi. Nazir qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, səhiyyə, elm və təhsil, mədəni və beləliklə də bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, yüksək səviyyəli səfərlər həyata keçirilir.

O.Şirəliyev, ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin, müstəqilliyimizin ilk illərinə təsadüf etdiyini xatırlatdı. Qeyd olundu ki, ilk dəfə 1994-cü ildə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq Protokolu imzalanmışdır.
Protokola əsasən hər iki ölkənin tibb universitetləri, həkimləri, təkmilləşdirmə institutları, səhiyyə müəssisələri arasında əlaqələr qurulmuş və Protokolun bütün müddəaları layiqincə yerinə yetirilmişdir.

Hazırda səhiyyəmizin elə bir sahəsi yoxdur ki, orada türkiyəli məsləkdaşlarımızla əməkdaşlıq olmasın. Mütəxəssis mübadiləsi, birgə elmi-təhqiqatlar, əczaçılıq, icbari tibbi sığorta, səhiyyənin maliyyələşməsi və bu kimi bir çox sahələrin tətbiqində Türkiyənin təcrübəsinə böyük önəm verilib. Cənab nazir onu da vurğuladı ki, bu gün tərəflər arasında imzalanacaq Sazişin gələcəkdə də daha fal əməkdaşlıqları davam etdirməyə vəsilə olacaq. Vurğuladı ki, hazırda azərbaycanlı mütəxəssislər türkiyəli həmkarları ilə yanaşı ölkəmizdə “Sağlamlıq həftəsi” çərçivəsində birgə əməliyyatlar icra edirlər. Bu da bir daha dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirən türkiyəli nazir Məhmət Müəzzinoğlu ölkəmizdə qürbət eldə deyil sanki vətənlərindəki kimi hiss etdiklərini bildirdi. Cənab Məhmət Müəzzənoğlu bu görüşün Bakıda yüksək səviyyədə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ərəfəsinə təsadüf etdiyini məmnunluqla qeyd etdi və vurğuladı ki, Forum hazırda istər son dövrlərdə törədilmiş terror hadisələri sayəsində itkilər vermiş Türkiyə istərsə də Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi və şəhidlər verdiyi bir ərəfədə Azərbaycan üçün çox önəmlidir. Belə qarşılıqlı görüşlər ölkələrimiz arasındakı dostluq və qardaşlığın əbədi olacağının bariz nüminəsidir.

Daha sonra türkiyəli nazir ölkəsinin tibb elmi sahəsindəki təcrübəsindən, ailə və uzman həkimlərinin iş prinsipindən, Türkiyədə yaradılmış “Türk Sağlıq bilimləri” Universetitetinin bu günkü fəaliyyətindən danışdı.

Görüşün sonunda Azərbaycan Respublikasının səhiyyə naziri cənab Oqtay Şirəliyev və Türkiyə Cümhuriyyətinin Səhiyyə naziri cənab Məhmət Müəzzinoğlu Səhiyyə və Tibb Elmi Sahəsindəki əməkdaşlığa dair Sazişi imzaladılar .

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı